“Qonşu ölkələr əhalinin sayına görə bizi üstələyir” 

09:45 06.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçibek Taşiyev qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.

Hafta.az-ın yazdığına görə, bu barədə “Kaktus.media” məlumat yayıb.

Taşiyevin sözlərinə görə, çoxuşaqlı ailələr ölkənin gələcəyi üçün əsasdır. Ona görə də qırğız qadınlar beş-on uşaq dünyaya gətirməlidir.

“Çoxlu uşaq sahibi olmalıyıq. Qadınlar, gənc gəlinlər buna xüsusi diqqət yetirməlidirlər. Yalnız bundan sonra Qırğızıstan inkişaf edə bilər. Dövlət təhlükəsizliyinin gücləndirilməsi birbaşa əhali ilə bağlıdır. Əhali artmasa, təhlükəsizliyin təmin edilməsi çətin işə çevriləcək. Bu gün dünyada böyük dəyişikliklər baş verir, qonşu dövlətlər əhalinin sayına görə bizi ötüb keçir” deyən Taşiyev vurğulayıb ki, qırğızlar bu məsələyə ciddi yanaşmalıdır.

O bildirib ki, dövlət doğum səviyyəsinin artırılması üçün lazımi şərait yaratmağa hazırdır. Bunların arasında uşaq bağçası, məktəb və digər sosial obyektlərin tikintisi də yer alıb.

Bundan əlavə, Taşiyev hökumətin yüksək dağlıq ərazilərdə yaşayanlar üçün analıq kapitalının tətbiqi planını açıqlayıb. Ölkənin bəzi rayonlarında dördüncü uşağa 100 min, beşinci uşağa 600 min, yeddinci uşağa isə bir milyon som ödənilməsi nəzərdə tutulub.

“Səkkizinci və doqquzuncu uşaq üçün 1,5 milyon, onuncu uşaq üçün isə 2 milyon som ödəniləcək. Bu tədbirlər yaxşı həyat üçün deyil, zərurətdən həyata keçirilir. Bütün Narın əyaləti dağlıq ərazidə yerləşir və ümid edirəm ki, yaxın illərdə vilayətin əhalisi xeyli artacaq. Çoxları mənim sözlərimi zarafat kimi qəbul edir, amma elə deyil. Bu, çox ciddi dövlət proqramıdır. Məqsədimiz əhalinin sayını qısa zamanda 10, 15, 20 milyona çatdırmaqdır. Yalnız o zaman ölkəmizin gələcəyi üçün narahat olmağa dəyməz”, - deyə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri sözlərini yekunlaşdırıb.

Taşiyev ilk dəfə deyil ki, belə çağırış edir. O, oktyabrda Oşda uşaq bağçasının açılışında MTX işçilərinin arvadlarını beş-altı uşaq dünyaya gətirməyə çağırıb.